cümə axşamı 28 may 2026 - 23:38
Məzəmmət insan həyatını alt-üst edir. Onun yerini təşviq və anlayış tutmalıdır

Hövzə | İmam Sadiq (ə) buyurub ki, əgər insanlar Allahın insanı necə yaratdığını bilsəydilər, heç kim başqasını məzəmmət etməzdi. Mütəxəssislər bildirirlər ki, qınamaq və məzəmmət tərbiyədə mənfi nəticələr doğurur. Buna görə də ailədə danlaq və sərt münasibət əvəzinə anlayış, düzgün yanaşma və təşviq metoduna üstünlük verilməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ailə məsələləri üzrə ekspert Höccətül-İslam Əli Əkbər Məzahiri “ailə həyatında və həyat yoldaşları arasındakı münasibətlərdə danlamaq və tərbiyə” mövzusunda yazdığı məqalədə vurğulayıb ki, tərbiyədə qınamaq və məzəmmət etmək düzgün nəticə vermir, əksinə münasibətlərdə mənfi təsirlər yaradır.

İmam Sadiq (ə) buyurub:

«لُو عَلِمَ النّاس کَیفَ خَلقَ اللهُ هذا الخَلق، لَم یَلُم اَحَدٌ اَحَدا»  (الکافی، جلد ۳، صفحهٔ ۱۱۳، دارالحدیث)

Tərcümə: Əgər insanlar Allahın insanları necə yaratdığını bilsəydilər, heç kim başqasını məzəmmət etməzdi.  (Əl-Kafi, cild 3, səhifə 113, Darul-hədis)

Bu hədis, sanki yüz səhifəlik bir kitab qədər dərin məna daşıyır.

İnsanların yaradılışı müxtəlifdir. Allah-Təala hər bir insanı fərqli xüsusiyyətlərlə yaradıb. Hər kəsin özünəməxsus fitrət və yaradılış xüsusiyyətləri var.

Psixoloq və müdrik insanların cəmiyyətlə daha az qarşıdurmaya girməsinin, yaxud ümumiyyətlə qarşıdurmadan uzaq durmasının səbəbi də məhz budur. Çünki onlar insan ruhiyyəsini müəyyən qədər tanıyır, insanların davranış və rəftarlarının səbəblərini anlayırlar.

Cəmiyyətimizdə məzəmmət

Təəssüf hissi ilə etiraf etməliyik ki, qınaq və məzəmmət cəmiyyətimizdə, ailələrimizdə və tərbiyə metodlarımızda geniş yer tutur. İnsanlar bu dünyadakı həyatlarının ilk anlarından etibarən ağır məzəmmətlə qarşılaşırlar. Bu məzəmmət insan həyatının bütün yaş dövrlərini əhatə edir.

Bu arzuolunmaz xüsusiyyət davranış sistemimizdə o qədər kök salıb ki, sanki həyatın ayrılmaz bir hissəsinə çevrilib və onsuz yaşamağın mümkün olmadığı düşünülür.

Həyat yoldaşları arasındakı münasibətlərdə məzəmmət

Həyat yoldaşlarının əksəriyyəti münasibətlərində məzəmmət metotlarından istifadə edir. Bəzən bunu dilləri ilə ifadə edir, bəzən baxışları ilə hiss etdirir, bəzən də davranışları ilə nümayiş etdirirlər. Nəticədə isə bu xoşagəlməz üsul onların ailə həyatını sarsıdır.

Müasir dövrdə insanların bilik səviyyəsi artsa da məntiqə görə yanlış davranışların azalması gözlənsə də bəzi sahələrdə bunun əksini müşahidə edirik. Hətta müəyyən mənada geriyə dönüş hiss olunur. Məsələn, təxminən əlli il əvvəl həyat yoldaşları bir-birlərini indiki qədər məzəmmət etmirdilər.

Hazırda müşahidə və məsləhət görüşlərimizdə həyat yoldaşları arasında çoxsaylı məzəmmət nümunələri ilə qarşılaşırıq.

Məzəmmət bir ailənin həyatını alt-üst edə bilər. Həmçinin qəlbləri incidər, kin və narahatçılıq yaradar. Eləcə də o insanın özünəinamını zəiflədər, hətta onu son həddə qədər endirər. Halbuki onun zərrə qədər faydası yoxdur.

Ağıllı insan davranışların və hadisələrin fayda və zərərini ölçüb-biçər, nəticədə faydalı olanı qəbul edər, zərərli olanı isə tərk edər. Lakin biz məzəmmət məsələsində çox vaxt bu prinsiplə davranmırıq. Məgər bu, ağılın hökmünə zidd deyilmi?

Məzəmmət edən insan həqiqi mənada ağıllı davranmır. Çünki o, heç bir faydası olmayan, əksinə bütövlükdə zərər gətirən bir əməli həyata keçirir.

Bir sıra suallar və cavablar

Bəzi həyat yoldaşları soruşurlar:

Həyat yoldaşımızın uyğun olmayan davranışları qarşısında necə davranmalıyıq?

Cavab:

1. Siz əminsinizmi ki, onun davranışı həqiqətən nalayiqdir? Ola bilər ki, bu davranış yalnız sizin baxış bucağınızdan yanlış görünsün, amma əslində belə olmasın. Bir çox hallarda “nalayiq davranış” anlayışı bizim düşüncə tərzimizdən qaynaqlanır. Başqalarının baxışında isə həmin davranış tamamilə normal qəbul edilir. İnsan çox vaxt öz düşüncəsinə görə doğru hesab etdiyi işi görür və həqiqətdə də bu davranış müəyyən mənada doğru ola bilər. Sadəcə bizim zövq, düşüncə və təsəvvürümüz onu qəbul etmir. Buna görə də ilk növbədə öz düşüncə və yanaşmalarımızı nəzərdən keçirməliyik. Ola bilsin ki, yanılan tərəf məhz bizik.

2. Davranışın kökünü araşdırmaq lazımdır. Görəsən, o nə üçün belə davranır? Bu davranış hansı səbəbdən qaynaqlanır?

Davranışların səbəbini araşdırmaq müdrik insanların xüsusiyyətidir. Heç bir əməl səbəbsiz baş vermir. Ola bilər ki, onun sərt və ya uyğun olmayan davranışı bizim yanlış rəftarımızın nəticəsidir. Bəlkə də onun davranışı bizim münasibətimizə qarşı bir reaksiyadır. Ola bilər ki, daxilən bir sıxıntı yaşayır. Bəlkə ifadə edə bilmədiyi bir ağrısı, narahatlığı var. Ola bilsin ki, məsələ irsi və genetik amillərlə bağlıdır və bu xüsusiyyət istəmədən ona keçib. Bəlkə də xəstədir. Və bundan başqa yüzlərlə ehtimal mövcuddur.

Vasvasılıq

Məsələn, vasvası insan məzəmmət edilməli şəxs deyil. O, danlağa layiq deyil. Çünki vasvasılığı bilərəkdən etmir. Bu, bir xəstəlik halıdır. Ola bilər ki, bu xüsusiyyət ona valideynlərindən və ya əcdadlarından irsi şəkildə keçib. Bəzən dini, gigiyenik və ya tibbi məsələlərin yanlış anlaşılması vasvasılığa səbəb olur. Narahatlıq, stress və psixoloji təzyiqlər də bu vəziyyəti daha da ağırlaşdırır. Ətrafdakı insanların qınaq və məzəmməti isə onun vəziyyətini daha da şiddətləndirir. Ola bilər ki, vaxtında düzgün müalicə almayıb və ya onu müalicə edən şəxs kifayət qədər bilikli və peşəkar olmayıb. Bundan başqa bir çox digər amillər də mövcuddur.

Mühüm bir məqam

Biz vasvası insanlara yalnız bir halda xəbərdarlıq edilməsini doğru hesab edirik. O da müalicəyə qarşı laqeyd yanaşdıqları zaman. Burada söhbət məzəmmətdən yox, xeyirxah və nəsihətamiz xəbərdarlıqdan gedir. Əgər o, müalicə yollarını qəbul etmirsə, həkimin tövsiyələrinə əməl etmirsə, lazım olan dərmanları istifadə etmir və ya müalicəni yarımçıq qoyursa, bu halda ona düzgün şəkildə tövsiyə vermək lazımdır. Kobud qınaq və sərt münasibət isə vəziyyəti daha da ağırlaşdıra bilər.

3. Keçməyi və göz yummağı bacaraq

“Təğaful” sözü göz yummaq deməkdir. Yəni qarşı tərəfin yanlış davranışını onun üzünə vurmamaq. Biz bilirik, amma bilmirmiş kimi davranırıq. O da anlayır ki, bizim xəbərimiz var, lakin bunu ona hiss etdirmirik. Məhz bu münasibət bir çox hallarda insanın öz davranışını düzəltməsinə səbəb olur. Göz yummaq qarşı tərəfdə utanc hissi yaradır və onu islah olmağa sövq edir.

İmam Əli (ə) buyurub:

«مِن اَشرَفِ اعمال الکَریم غَفلَتُهُ عَمّا یَعلَم»  (نهج‌البلاغه، حکمت‌ ۲۲۲)


 Kərim və alicənab insanların ən şərəfli davranışlarından biri bildikləri bəzi məsələlərə göz yummaqlarıdır. (“Nəhcül-Bəlağə”, hikmət 222)

Həqiqətən də bəzi hallarda insanın bildiyini bilməmiş kimi aparması və müəyyən məsələlərə göz yumması gözəl və alicənab xüsusiyyət sayılır.

4. Təşviq etməyi unutmayaq

Necə təşviq edək? Məgər məzəmmət olunmalı bir davranışın qarşısında təşviqdən istifadə etmək olar? Bəli, olar. Bunun yolu həmin yanlış davranışın əksini və düzgün tərəfini göstərməkdir.

Məsələn, vasvası insanı qınamaq əvəzinə, vasvasılıqdan uzaq olmağın müsbət tərəflərini izah etmək lazımdır. Hər bir insanın nə qədər mənfi xüsusiyyətləri olsa belə, müsbət cəhətləri də vardır. Həmin müsbət xüsusiyyətləri görmək və onu bu istiqamətdə təşviq etmək daha faydalıdır.

5. Onun islah olunmasına və düzəlməsinə yardımçı olaq

Məsələn, vasvası insanı müalicəyə təşviq etmək lazımdır. Çünki vasvasılıq müalicə oluna bilən bir problemdir. Lakin bunun üçün səbir, davamlılıq və düzgün yanaşma tələb olunur.

Narahatlıq və stress vasvasılığın əsas səbəblərindən biridir. Buna görə də vasvası insana əlavə psixoloji təzyiq göstərmək düzgün deyil. Onun stress və narahatlıq səbəblərini azaltmağa çalışmaq lazımdır.
Belə insanlar psixoloji dəstəyə ehtiyac duyurlar. Onları peşəkar və təcrübəli psixoterapevtlə əlaqələndirmək və müalicə prosesində dəstək olmaq vacibdir.
Bəzi hallarda psixiatr yardımı da zəruri olur. Belə vəziyyətdə onu təcrübəli psixiatrla əlaqələndirmək, dərmanların düzgün istifadəsində və müalicə prosesində ona kömək etmək lazımdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha